Dini mərasimlər də daxil olmaqla müxtəlif görüşlər, toplantılar koronavirusun yayılması ilə bağlı vəziyyəti çətinləşdirə bilər. APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü ÜST-ün Fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, müxtəlif görüşlər, toplantılar və şənliklər, o cümlədən dini mərasimlər, iclaslar vacib olsa da, bunun qarşısını almaq lazımdır: “Yaxın Şərqin müxtəlif ölkələrində, eləcə də İranda Novruz Bayramı – Yeni il keçirilir. Ancaq bu tədbirləri dəyişmək lazımdır. İran kimi ölkələrdə bunu necə etmək olar. Xəstəliyin yayılmasının qarşısını almaq üçün insanları fiziki olaraq ayırmaq lazımdır”. ÜST rəsmisi vurğulayıb ki, ölkənin hər yerində insanlar toplaşmaqla vəziyyəti daha da çətinləşdirə bilər, həm də xəstəliyin yayılmasına zəmin yarada bilərlər: “İnsanların kütləvi tədbirlərdə iştirakı çox təhlükəli ola bilər. Bu vəziyyətdə İran, eləcə də Yaxın Şərqdəki digər ölkələrin sakinləri öz dövlətlərinin səlahiyyətlilərinin göstərişlərinə diqqət yetirməlidirlər. Bir sözlə, kütləvi toplanışlar istisna olunmalıdır. Biz də bu səyləri dəstəkləyəcəyik”. “Yerli hakimiyyət bu görüşləri risk hesab edirsə, o zaman hər birimiz şəxsi məsuliyyəti dərk edərək bunu dinləməliyik”, – deyə Rayan əlavə edib.