Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Avstriyanın Tirol federal əyaləti bütün yaşayış məntəqələrini (279 bələdiyyə) karantin altına alıb. AZƏRTAC xəbər verir ki, Tirol federal əyalətinin məşhur xizək regionlarının koronavirus infeksiyasının bir növ ocağına çevrilməsindən sonra əvvəlcə bir neçə regionda karantin elan olunmuşdu. Lakin vəziyyətin ciddiliyini nəzərə alaraq, eləcə də buradan vətənlərinə geri dönən çoxlu sayda turistdə virusun aşkarlanması əyalət hökumətini daha sərt addımlar atmağa vadar edib. Martın 19-dan etibarən Tirolun Almaniya ilə sərhədində də nəzarət tam şəkildə tətbiq olunacaq. Federal əyalətin ərazisində yaşayan şəxslər ən vacib hallarda evlərini tərk edə bilərlər. Qadağalar yalnız həyati əhəmiyyət daşıyan infrastrukturda çalışanlara şamil edilməyəcək. Qeyd edək ki, Avstriyada Tirol koronavirus infeksiyasından ən çox əziyyət çəkən əyalətdir. Burada yoluxma sayı martın 18-də 474 nəfərə çatıb (ölkə üzrə 1646 hal). Eyni zamanda əyalət hökumətinin infeksiyanın yayılmasına qarşı vaxtında reaksiya verməməsi də beynəlxalq səviyyədə tənqidlə qarşılaşıb.