“Koronavirusla əlaqədar şayiə yayanlar barəsində hüquqi məsuliyyət tədbirləri görüləcək”. Bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov “ASAN Radio”ya müsahibəsində bildirib. E.Sultanov qeyd edib ki, bu məsələ miqyasına görə nəinki ölkə vətəndaşlarını, bütövlükdə dünya ictimaiyyətini narahat edir: “Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən TƏBİB tərəfindən Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlər barədə, eləcə də virusa yoluxmuş və karantinə alınmış şəxslərin sayı, onların müalicəsi və görülmüş digər tədbirlər barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verilməsinə baxmayaraq, bəzi Kütləvi İnformasiya Vasitələri (KİV) və ayrı-ayrı sosial şəbəkə istifadəçiləri tərəfindən Daxili İşlər Nazirliyi və Baş Prokrorluğun xəbərdarlıqlarından nəticə çıxarmayaraq, həqiqəti əks etdirməyən və cəmiyyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayılır”. Baş Prokurorluğun rəsmisi bildirib ki, ictimaiyyətdə yanlış fikir formalaşdırması məqsədi güdən və qəsdən bu kateqoriyadan olan informasiyaların yayılmasını həyata keçirən KİV-lər, o cümlədən sosial şəbəkə istifadəçilərini bir daha xəbərdar edirik ki, gələcəkdə bu qəbildən olan qanunazidd hərəkətlərini davam etdirəcəkləri təqdirdə, barələrində cinayət məsuliyyəti də daxil olmaqla, ən ciddi qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq: “Bəzi KİV-lər və sosial şəbəkələrdə cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən bir neçə gün əvvəl guya koronavirusa yoluxmuş şəxsin xəstəxanada vəfat etməsi ilə bağlı  səs yazısı yayılıb. İctimaiyyətdə yanlış fikrin formalaşmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən dərhal təkzib olunub. Eyni zamanda, aparılmış araşdırmalarla həmin şəxsin xəstəxanada ağ ciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi müəyyən olunub və bu barədə ictimaiyyətə məlumat verilməklə həmin məlumatı yayan KİV-lərə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, rəsmi xəbərdarlıq edilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu olaraq, vətəndaşlarımızı belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının rəsmi məlumatlarını nəzərə almağa çağırıram”.