Martın 11-də Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması ölkə konstitusiyasına dəyişikliklər layihəsini son oxunuşda qəbul edib. Rusiya Dövlət Duması prezident Vladimir Putinin səlahiyyət müddətinin artırılması üçün konstitusiyaya dəyişikliyi nəzərdə tutan sənədi qəbul edib. Qanunun referendumla qəbul olunacağı təqdirdə Putin 2036-cı ilə qədər prezident seçilmək üçün namizədliyini irəli sürə bilər.

Qanun hazırda prezident olan və keçmişdə dövlət başçısı seçilən şəxslərə şamil edilir. Hazırkı konstitusiyaya görə, Putin iki dəfədən artıq prezident seçilə bilməz. Rusiyada aprelin 22-də konstitusiyaya bir sıra dəyişiklikləri nəzərdə tutan referendum keçiriləcək. Layihəyə əsasən, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Ancaq bu norma yenilik qüvvəyə minəndən sonra prezident seçiləcək şəxslərə şamil olunur və indiki dövlət başçısı Vladimir Putin növbəti iki prezident seçkisinə qatıla bilər. 1952-ci il təvəllüdlü Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub. 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib, 2018-ci il seçkisində postunu qoruyub. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.​