Azərbaycan Respublikası Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Qərar verib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:  

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 58; 2012, № 1, maddə 34, № 10, maddə 1007; 2014, № 10, maddə 1329; 2015, № 12, maddə 1562; 2016, № 7, maddə 1351, № 10, maddə 1717; 2017, № 4, maddə 612, № 12 (II kitab), maddələr 2519, 2535; 2018, № 5, maddə 1144, № 11, maddə 2429) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.9-cu bənd aşağıdakı redaksiyada verilsin: “4.9. Ümumtəhsil məktəbində tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”;  

1.2. 4.10-4.12-ci bəndlər ləğv edilsin.  

2. Bu Qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir.