ABŞ aviasiyası İraqla Suriyanın sərhədində yerləşən “al-Haşd aş-Şaabi” qruplaşmasının bazalarına zərbələr endirib. ​APA xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb. ​Kanalın bildirdiyinə görə, iraqlı müqavimət qruplaşmasının bazası Ənbar əyalətinin əl-Huray kəndində yerləşir.​ Öz növbəsində Suriyanın dövlət telekanalı olan “Ikhbariya” xəbər verib ki, mənsubiyyəti müəyyən edilməyən aviasiya “Əl-Bukemal” nəzarət-buraxılış məntəqəsindən cənub-şərqdə Suriya ərazilərini bombalayır. Nəticədə maddi ziyan dəyib.​ Telekanal söhbətin eyni, yoxsa ayrı-ayrı hücumlardan getməsinə toxunmayıb.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD-lə mübarizə üzrə koalisiya qüvvələrinin yerləşdiyi İraqdakı Taci hərbi bazası raket hücumuna məruz qalıb. Yerli vaxtla saat 19:35-də bazaya 15-dən çox böyük olmayan raket mərmiləri atılıb. İraqlı hərbçilər içərisində üç raketin olduğu atış qurğusu aşkar ediblər.​“Reuters” agentliyinin amerikalı rəsmilərə istinadən verdiyi məlumata görə, raket zərbələri nəticəsində üç ABŞ və bir Britaniya hərbçisi ölüb, koalisiyanın daha 12 döyüşçüsü isə yaralanıb.