Tokio-2020 Yay Olimpiya Oyunları 2 il sonraya təxirə salına bilər. Apasport.az saytının məlumatına görə, belə bir təkliflə yarışın Təşkilat Komitəsinin İcraçı Şurasının üzvü Xaruyuki Takaxasi çıxış edib. O bildirib ki, koronavirusun yayılması üzündən ən optimal variant yarışların 2022-ci ilə təxirə salınmasıdır. Qurum rəsmisi bunun yarışın ümumiyyətlə ləğv edilməsindən daha yaxşı olduğunu vurğulayıb: “Oyunların ləğvini mümkün saymıram. Amma təxirəsalma ola bilər. Ləğv ediləcəyi halda BOK xoşagəlməz hallarla üzləşə bilər”.​ Yaponiyalı qurum rəsmisi xoşagəlməz hallar deməklə maliyyə məsələlərinə eyham vurub. Belə ki, Oyunların yayımı üçün televiziya şirkətləri BOK-a böyük məbləğlər ödəyib. X.Takaxasi təxirə salınmanı vaxt baxımından da mümkün hesab edir: “Vaxtın 2 il sonraya çəkilməsi təkrar təsnifat turnirlərinin keçirilməsi deməkdir. Belə olsa, Oyunlar Qış Olimpiadasından bir neçə ay sonra təşkil edilər. Bu barədə ciddi düşünməliyik”. Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.