Bu gündən başlayaraq məktəblilərin bir aya yaxın müddətdə dərslərdən kənar qalmaması üçün “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Baku TV xəbər verir ki, teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək. Bu dərslər bütün sinifləri əhatə edəcək. Teledərslər layihəsi çərçivəsində ibtidai siniflərdə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, V-XI siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək. Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, son günlər sosial şəbəkələrdə dərslərin kompensasiya edilməsi ilə bağlı yayılan cədvəllər həqiqəti əks etdirmir: “Hazırda həyata keçirilən teledərslər layihəsi isə ekstremal halda yaranan tətil müddətində əlavə resursların verilməsi, dərs materialları ilə təmin etmək üçün nəzərdə tutulub”.

Qeyd edək ki, tətil zamanı məktəblilər dərs öyrənmək üçün e-dərslik və video dərslərlə zənginləşdirilmiş video.edu.az elektron portallarından istifadə edə bilərlər. 

Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Nazirliyin portalında 1621 videodərs yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı artırılır.