Bu gün altıncı çağırış Milli Məclisin ilk iclası keçirildi. Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın spikerliyə namizədliyi irəli sürüldü və səs çoxluğu ilə qəbul edildi.  Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Əli Hüseynli, Milli Məclis sədrinin müavinləri deputatlar Adil Əliyev və Fəzail İbrahimli seçildilər. İclas, əsasən, təşkilati məsələləri əhatə etdi.

Azərbaycanda beşinci çağırış parlamentin buraxılmasından sonra bəzi qanun layihələrinin də müzakirəsi yarımçıq qalmışdı. Onların arasında illərdir ki, qəbulunu gözləyən sənədlər də var. Nəzərə alsaq ki, yaz sessiyası artıq başlayıb, üzümüzə gələn iclaslarda ilk növbədə həmin qanun layihələrinə baxılması gözlənilir.