“Sabah” klubunun Müşahidə Şurasının üzvü və Azərbaycan millisinin sabiq baş məşqçisi​ İqor Ponomaryovun “Report”a müsahibəsi – Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasında Kipr, Monteneqro və Lüksemburqla birlikdə 1-ci qrupa düşdü. Püşkatmanın nəticəsini necə dəyərləndirərdiniz? – Normal, çıxa biləcəyimiz qrupa düşdük. İstənilən halda, asan və ya güclü qrup olmasına rəğmən, geriyə baxmamaq şərtilə, bütün matçlara qələbə əhval-ruhiyyəsində çıxmaq lazımdır. Qrupumuzdakı rəqiblərlə oynamaq, onlara qalib gəlmək olar. Düşünürəm ki, bunun üçün potensialımız var. – Sizcə, qrupun favoriti hansı komandadır? – Azərbaycan millisi! – Təbii ki, müsbət proqnoz verməliyik. Amma reallıq da var… – Söylədiyim reallıqdır!

– Siz özünüz bunun öhdəsindən gələ​ bilərsiniz?– Əlbəttə. Amma bunun üçün sənə güvənməlidirlər. – Sizə isə hətta Müşahidə Şurasının üzvü olduğunuz “Sabah” klubunda da güvənmədilər…– Dəfələrlə demişəm ki, mən “Sabah”a sadəcə kömək etmək üçün gəlmişdim. Bunu da uğurla yerinə yetirdim.​ Siz inamsızlıq barədə danışdınız. 10 il futbolda olmamışam. Əksinə, onlar özləri mənə inanıb komandanı etibar etmişdilər. Sadəcə, heç kim hər şeyin belə yaxşı alınacağını gözləmirdi. – O zaman belə çıxır ki, ya yeni baş məşqçi tapılana kimi işlədiniz, ya da sizə etimad göstərmədilər… – İlk gündən bildirdik ki, müqaviləm 3 aylıqdır və mən yeni baş məşqçi ilə danışıqlarda iştirak edəcək, öz köməyimi göstərəcəyəm. Amma sonradan bu iş çox vaxt aldı və mən iki cəbhədə mübarizə apara bilmədim. Təklif etdim ki, yeni baş məşqçi komandadakı işinə mümkün qədər tez qoşulsun.​ “Sabah” rəhbərliyi və futbolçularla hər zaman əla münasibətim olub və indi də davam edir. Buna görə orada çalışan hər kəsə minnətdarlığımı bildirirəm. – Klub rəhbərliyinin sizə inamı var idisə,​ “Sabah”ın baş məşqçisi vəzifəsində qalmaq istəməzdiniz? – Ortada razılaşma​ var idi. Üstəlik, mənim İspaniyada öz biznesim​ var.

– Komandanın hazırkı çıxışını necə xarakterizə edirsiniz? – Müsbət. Komanda xallar qazanır, yaxşı futbolçular gəlib. Hər şey qaydasındadır. – “Sabah” bu futbolçularla avrokuboklara vəsiqə qazanmasa, nəticəni qənaətbəxş saymayacaqsınız? – Nəsə demək çətindir. Komanda və baş məşqçi yenidir. Hamı bir-birinə öyrəşməlidir. Hər şeyin öz vaxtı var.