Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Sunay Vəliyevin kassasiya şikayətinə baxılıb.​Neytralinfo ”Report”a istinadən xəbər verir ki, şikayətə hakim Əli Seyfəliyevin sədrlik etdiyi cinayət kollegiyası baxıb və qərar elan edilib.​Qərara əsasən, S.Vəliyevin barəsindəki 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası azaldılıb. Onun həbsdə olma müddəti nəzərə alınaraq azadlığa buraxılıb.​Qeyd edək ki, hadisə ötən il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-ci il təvəllüdlü S.Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Daha sonra S.Vəliyev hadisə yerindən qaçıb.​Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.​Xatırladaq ki, S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.