Gürcüstanda koronavirusla əlaqədar üçüncü hal qeydə alınıb. “Sputnik”in məlumatına görə, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə açıqlamasında deyib. “Onun İranda olduğu və yoluxma halı təsdiqlənmiş şəxslərlə ünsiyyəti müəyyən edilib. Dünən sərhəddə yoxlanılarkən onda yüksək temperatur qeydə alınıb və biz onu yoluxucu xəstəliklər xəstəxanasına köçürdük”, – Qamkrelidze deyib. Onun sözlərinə görə hazırda 93 nəfər koronavirus şübhəsi ilə həkimlərin müşayiəti altındadır. Bu günə qədər Gürcüstanda iki nəfərə koronavirus diaqnozu qoyulub: İtaliyadan qayıdan 31 yaşlı qadına və Azərbaycandan keçməkdə İrandan qayıdan 50 yaşlı kişiyə. Onu da qeyd edək ki, koronavirus səbəbindən Gürcüstanda məktəb tətili bir həftə əvvələ çəkilib. Tətil martın 2-də başlayacaq və martın 16-na qədər davam edəcək.