Türkiyə prezidentinin İzmirdə bir açılış mərasimində Suriyada şəhid olmuş hərbçilər haqqında «bir neçə dənə şəhidimiz var» deməsi, müxalifət və ölkə ictimaiyyətini hərəkətə gətirdi. Hətta R.T.Ərdoğanın sədr olduğu partiya üzvləri belə «şəhidlər haqqında əşya kimi danışmağın» yolverilməz olduğunu etiraf etdilər. Prezidentin qınaqlara sərt reaksiya verməsi, vəziyyəti yumşaltmağa cəhd etməməsi, əksinə onun bu hərəkətini qınayanların üzərinə getməsi ölkədə onsuz da​ gərgin olan siyasi həyatı daha da gərginləşdirib. Vətəndaşlar əli silah tutan yüz minlərlə suriyalının Türkiyədə olmasını xatırladaraq, övladlarının orada həlak olmasına açıq şəkildə etiraz edirlər.​