Nazirlər Kabineti “Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal Standartları” qərarında dəyişiklik edib. “Report” xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.​ Qərarda göstərilib ki, narkoloji xəstəliklərə düçar olmuş şəxslərdə bu xəstəliklər nəticəsində onların həyatı üçün təhlükə yaradan hallarda (kəskin psixotik pozuntular, qıcolmalar, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından qat-qat artıq birdəfəlik istifadəsi nəticəsində yaranan komatoz (dərin şüur pozuntusu vəziyyətində) təxirəsalınmaz tibbi tədbirlər, insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarıdır. ​Qərarla narkoloji xəstəliklərə düçar olmuş şəxslər dövlət büdcəsinin vəsaiti hesabına fiziki vəziyyətin korreksiyası – ümumi möhkəmləndirici, psixotrop maddələrlə, eyni zamanda metadon hidroxlorid əvəzedici preparatla, psixoloji reabilitasiya, psixoloji korreksiya və psixoterapiya ilə müalicə olunacaqlar.