Məlum olduğu kimi, son zamanlar koronavirusla bağlı dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib.

Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib. “Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək”, – deyə mətbuat xidməti vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə tibbi maskaların qiymətinin qalxması ilə bağlı məlumat yayılıb. Oxu.Az-ın əməkdaşı şəhərdə fəaliyyət göstərən apteklərə baş çəkib. Yayılan xəbərlər öz təsdiqini tapıb.