Fevralın 29-da Slovakiyada keçiriləcək növbəti parlament seçkilərinə bir neçə gün qalmış Baş nazir Peter Pelleqrini xəstəxanaya yerləşdirilib. AZƏRTAC xəbər verir ki, “İstiqamət – Sosial-Demokratiya“ (Smer-SD) partiyasını təmsil edən hökumət rəhbəri mətbuata verdiyi açıqlamada olduqca mühüm məqamda səhhətinin onu darda qoyduğunu bildirib. Rəsmi məlumata görə, 44 yaşlı siyasətçi yüksək qızdırma ilə müşahidə olunan nəfəs yolları infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib, lakin ən qısa zamanda evə buraxılacağı bildirilib.

Şənbə günü keçiriləcək parlament seçkilərində Baş nazirin təmsil etdiyi hakim “Smer-SD“ partiyasının şansları yüksək qiymətləndirilmir. Seçkiöncəsi mühüm televiziya debatlarında Baş nazirin iştirak etməməsi partiyanın təşviqat-təbliğat kampaniyasına da zərbə vurub.