“Bu gün dünyada gender problemi, bərabərlik məsələsi getdikcə aktuallaşır. Regionun davamlı inkişaf modelini həyata keçirmək üçün münaqişənin həllinə nail olmaq çox vacibdir”. “Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda keçirilən beynəlxalq konfransında deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas məsələ Qarabağ icmaları arasında dialoq yolu ilə sabitliyin və sülhün möhkəmləndirilməsidir. “Regionun gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır və qaçqın və məcburi köçkün qadınlar bu prosesdə böyük rol oynamalıdırlar”, – Q.İsakzai vurğulayıb.​