Bakı Metropolitenində koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlərə başlanılıb. Tədbirlər profilaktik məqsədlə insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılacaq.
AZƏRTAC xəbər verir ki, aparılan əks-epidemik tədbirlər infeksiyanın yoluxma mexanizmləri və yollarına qarşı yönəlmiş tədbirlərdir. Sərnişin axınının intensivliyi, sıxlığı, müntəzəm təmas şəraiti, təbii ventilyasiyanın qeyri-intensivliyi, günəş şüalarının daxil olmaması metropolitendə ehtiyat tədbirlərinin gücləndirilməsini tələb edir. Bu məqsədlə “Bakı Metropoliteni” QSC xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlikdə sanitar-gigiyenik tədbirlərin keçirilmə qaydasını, istiqamətlərini, profilaktik vasitələrin təhlükəsiz tətbiqi imkanlarını araşdıraraq, dezinfeksiya tədbirlərinə başlayıb.
Ardıcıl tədbirlərə fevralın 21-dən “Nərimanov” elektrik deposundaki qatarlarda başlanılıb. İş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq. Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək. İşlər hər bir stansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda görüləcək. Qatarlarda və stansiyalarda görüləcək tədbirlərin də qrafiki artıq müəyyən olunub.
Bundan savayı, sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfə dezinfektantlarla təmizlənəcək. Dezinfeksiya zamanı “ProGreen ProFix” dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar üçün təyinatlıdır. Koronavirusa qarşı gücləndirilmiş ehtiyat tədbirləri səlahiyyətli qurumların müvafiq göstəriş və təlimatlarına müvafiq olaraq davam etdiriləcək.
Bakı Metropolitenində sanitar-gigiyenik norma və qaydaların tələblərinin yerinə yetirilməsinə xüsusi diqqət yetirilir. Qatar, stansiya, şaxta və tunellərdə, eləcə də digər istismar və tikinti obyektlərində sanitar-gigiyenik normaların tələblərinə uyğun olaraq, planlı şəkildə dezinseksiya (həşəratlarla mübarizə), deratizasiya (gəmiricilərlə mübarizə) və profilaktik məqsədlə dezinfeksiya (mikroblarla mübarizə) tədbirləri müntəzəm surətdə həyata keçirilir. Görülən işlərə daim nəzarət olunur, qurğuların müntəzəm monitorinqi aparılır. Ehtiyac olarsa, epidemik vəziyyətin tələbinə uyğun sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır. Qeyd olunan tədbirlər zamanı yeraltı şəraitdə istifadəsi məqsədəuyğun hesab olunan dərman vasitələrdən istifadə edilir. Dərman maddələrinin insan orqanizminə və ətraf mühitə zərərli təsirinin olmamasına xüsusilə diqqət yetirilir. Əlavə olaraq, müvafiq laboratoriya ən müasir ölçmə cihazları vasitəsilə stansiya, tunel və qatarlarda, həmçinin xidməti otaqlarda mikroiqlim şəraitini gündəlik qrafik əsasında yoxlayır. Bütün tədbirlər metropoliten işçilərinin normal fəaliyyət göstərmələri üçün sanitar-gigiyenik normalara uyğun sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etməklə bərabər, metrodan istifadə edən paytaxt sakinlərinin, eləcə də şəhərimizin qonaqlarının da rahat şəkildə daşınmasına xidmət edir. “Bakı Metropoliteni” QSC sərnişinlərini metropolitendə sanitar-gigiyenik normaların tələblərinə riayət etməyə, bu məsələlərdə fəal mövqe tutmağa dəvət edir. Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması, qida, yeyinti və kulinariya məhsullarının, ən əsası, saqqız və sair bu kimi fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmamasına, yapışdırılmamasına və digər bu kimi hallara yol verilməməsi mühüm əhəmiyyət kəsb edir. Xəstəliklərin yayılmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi, metropolitendə təmizliyin qorunması, ilk növbədə, hər bir sərnişinin sağlamlığı baxımından çox vacibdir. Yaxın günlərdə sərnişinlərin məlumat əldə etməsi və maariflənməsi, təbliğatın daha geniş kütlə arasında yayılması məqsədilə koronavirusla bağlı daha bir mühüm korporativ sosial məsuliyyət proqramı da reallaşdırılacaq.