Fevralın 20-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılıb. İclasda daha bir neçə seçki dairəsindən daxil olmuş müraciətlərə baxılıb. 99 saylı Şəmkir Kənd, 27 saylı Sabunçu İkinci, 121 saylı Laçın Seçki dairələrindən daxil olmuş müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsinə qərar verilib. MSK iclasında həmçinin 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Sitarə Zeynalovanın şikayətinə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət Ekspert Qrupu tərəfindən araşdırılıb: “DSK bu müraciətlə bağlı araşdırma aparıb və 14 fevralda qərar qəbul edib. Şikayətçi bu qərarla razılaşmayıb və MSK-ya müraciət edib. Şikayətçinin mübahisələndirdiyi seçki məntəqələrində seçicilərin iradəsinə təsir edən hər hansı pozuntu halları aşkar edilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərə də komissiya üzvləri ilə birlikdə baxılıb. 8 saylı məntəqədə seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm ki, bu seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”. MSK şikayəti müzakirəyə çıxarıb və 8 saylı məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib. MSK katibi Mikayıl Rəhimov isə bildirib ki, Mərkəzi Seçki Komissiyasına 26 halda vaxtı keçmiş müraciətlər daxil olub. Seçki Məcəlləsinin tələblərinə görə, həmin müraciətlərə baxıla bilməz:​ “Bununla əlaqədar olaraq 26 halda müraciətlər baxılmadan geri qaytarılıb. Çünki həmin müraciətlərin göndərilmə müddəti bitib”. MSK sədri Məzahir Pənahov isə deyib ki, MSK-nın zamanla uyğunlaşmayan, müddəti keçmiş şikayətə baxmaq hüququ yoxdur. Qarşı tərəf buna görə məhkəməyə müraciət edə bilər:​ “Bizim xoş niyyətimiz qanunu pozmağımıza səbəb ola bilməz”.