Çində yeni növ koronavirusun yaratdığı epidemiyanın pik həddi fevralın sonuna düşəcək, aprel ayında ölkədə epidemioloji vəziyyət sabitləşəcək. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Çin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin pnevmoniyanın yayılmasına qarşı mübarizə komissiyasının rəhbəri Çjun Nanşan söyləyib. Çin Mərkəzi Televiziyası onun “Riyazi modelə və hökumətin təsirli tədbirlərinə əsasən, pik hədd fevralın ikinci və ya üçüncü dekadasında ola bilər” fikrini sitat gətirib. Çjun Nanşan Uxanda (Xubey əyalətinin inzibati mərkəzi, epidemiyanın başladığı şəhər) işləyən həkimlərlə telekörpü zamanı “Haradasa apreldə ölkədə epidemioloji vəziyyət sabitləşəcək”, – deyə bildirib.

Xatırladaq ki, koronavirusun yeni növü 2019-cu ilin dekabrında Mərkəzi Çinin əhali (12 milyon) sıxlığı ən çox olan Uxan şəhərində qeydə alınıb. Çindən başqa 25 ölkədə həmin xəstəlik aşkar edilib. Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocağı olan epidemiya kimi səciyyələndirərək beynəlxalq miqyaslı fövqəladə vəziyyət kimi tanıyıb. Son məlumata görə, virus qurbanlarının sayı təxminən 1,9 minə çatıb. Xəstəlikdən 12,5 min adam sağalıb. Epidemiyaya 72,4 min insan yoluxub.​