“Uhanda karantinə çox ciddi şəkildə əməl olunur. Şəhərə giriş-çıxış bağlanıb. Nə yerli, nə də xarici vətəndaş Uhanı tərk edə bilməz. Artıq şəhərlərdən əlavə universitetlər də karantinə alınıb. Biz təxliyə olunmuşuq, o demək deyil ki, bütün xarici vətəndaşlar təxliyə olunub”.

APA​ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çinin Uhan şəhərindən yayılan ölümcül koronavirus epidemiyasına görə bu ölkədən Türkiyəyə təxliyə edilərək 14 gün Ankarada xəstəxanada karantində saxlanılan və oradan Azərbaycana yola salınan 6 Azərbaycan vətəndaşından biri Leyla Quliyeva bildirib.​O deyib ki, Uhanda təxliyə olunmayan çoxlu xarici vətəndaş var: “Dövlətimizin qüdrətindən irəli gəlir ki, biz 8 günə Çini tərk edə bildik. Bizim kimi az ölkə var ki vətəndaşlarını çıxarda bilib”.​L.Quliyeva bildirib ki, Çinin digər vilayətlərində də azərbaycanlı tələbələr var: “Çində təxminən 500-ə yaxın azərbaycanlı tələbə var. Bildiyim qədərilə, onlarla da intensiv əlaqə saxlanılır, ehtiyacları qarşılanır. Yəqin ki, onların da yaxın zamanda təxliyəsi baş tutacaq”.​