Ekspertlərə görə, Badamdarda kanalizasiya sistemi qurulmayana qədər sürüşmə prosesi davam edəcək. Havaların yağmurlu keçməsi​ nəticəsində Badamdar​ sürüşmə zonasında yenidən aktivlik yaranıb. Belə ki, ərazidə sürüşmə nəticəsində torpaq hissəsi ayrılıb, yola doğru tökülüb.

Fövqəladə Hallar Nazirliyinin Ekzogen Fövqəladə Hallar şöbəsinin müdiri Ramiz Rzayev APA-ya deyib ki,​ Badamdarda sürüşmə sahəsində aktivlik həmişəki kimidir:​ “Yağışlı hava şəraiti ilə əlaqədar torpaq ağırlaşıb, bir tərəf bir az qarşıya doğru axıb. Hələ ki, elə bir problem yoxdur. İşlər dayandırılıb. Havalar düzələndən sonra işlər davam etdiriləcək. İndi təhlükəlidir”. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə “Yeni Müsavat”a bildirilib ki, sürüşmə kütləsinin üzərində dəyişiklik olub və bununla bağlı monitorinq aparılır.

Yada salaq ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb. Ərazidə olan villalar təhlükədə olsa da, hələ ki tikililər sökülməyib. Ekspertlər bildirirlər ki, ərazidə sürüşmənin başvermə səbəbi kanalizasiya suları, yamacın kəsilməsi və digər bu kimi amillərdir.