Bir neçə gündür dünya ictimaiyyətini təşvişə salan koronavirusla bağlı qonşu Rusiya və Türkiyə hava limanlarında xüsusi yoxlamalar həyata keçirilir. Hətta Rusiyada 3 nəfər koronavirus şübhəsi ilə müayinələrə cəlb edilib. Bir müddət öncə Azərbaycanda Respublikasının Səhiyyə Nazirliyi də virusla bağlı insanlara müraciət etmişdi. Azərbaycanın​ baş infeksionisti Cəlal İsayev “Report”a açıqlamasında koronovirusun əlamətləri və qorunma üsullarından danışıb. O bildirib ki, koronavirusun əlamətləri​ qrip, respirator virus infeksiyalarını xatırladır: “Çindən yayılan virus adətən ağciyərləri zədələyir və ağciyər çatışmazlığına səbəb olur. Beləliklə də insan tələf olur. Əgər virus ağız boşluğundan daxil olarsa, mədə-bağırsaq pozğunluqları yarada bilər. C.İsayev bu virusdan​ qorunmaq üçün xəstə insanlardan uzaq olmağı məsləhət görür: “Maska taxmaq, kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, əlləri mütəmadi yumaq, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamaq lazımdır. Bundan başqa,​ meyvələri yeməzdən əvvəl mütləq yumaq vacibdir”.​ Xatırladaq ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı​ 830-u ötüb, ölənlərin sayı isə​ 26-ya çatıb.