ADP sədri: “Əli Həsənov qardaşım Qurban Məmmədovla tələbə vaxtı bir otaqda qalırdı”. Hurriyet.org saytının Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adından yaydığı “Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü, tapşırıqları Əli Həsənovdan alırdım” açıqlaması son iki günün ən qalmaqallı hadisələrindən biri oldu.

Hürriyet.org saytının təsisçisi Vüqar Məmmədov bununla bağlı yaydığı bəyanatda bildirib ki, bu, təxribatdır. “Saytımız haker hücumuna məruz qalıb. Sayta kənar müdaxilə ilə bizim adımızdan əleyhimizə materiallar yerləşdirilir. Bir neçə gün əvvəl də saytımızı dağıtmağa cəhd etmişdilər. Bununla bağlı DTX, Baş Prokurorluq və Rabitə Nazirliyinə müraciət olunub”. Saytın baş redaktoru Anar Həsənli də oxşar bəyanat verərək bildirib ki, sözügedən material redaksiya tərəfindən hazırlanmayıb və sayta kənar müdaxilə ilə yerləşdirilib. Qeyd edək ki, xəbərin sensasion məzmunu və S.Cəlaloğlunun qardaşı Vüqar Məmmədovun rəhbəri olduğu saytda yayımlanması materialın digər mətbuat orqanlarında yayılmasına səbəb olub.

Sərdar Cəlaloğlu məsələ ilə bağlı müxtəlif​ KİV —​ lərə açıqlama verərək,​ ​ Əli Həsənovla hələ Azərbaycan Demokrat Partiyası təsis edilməmişdən xeyli öncə tanışlığı, yaxşı münasibətləri olduğunu etiraf edib —​ ​ “Əli Həsənov qardaşım Qurban Məmmədovla tələbə vaxtı bir otaqda qalırdı. Mən onu ilk dəfə orada görmüşəm. Əli Həsənov Moskvada oxuyanda mən oraya getmişdim. O zaman azərbaycanlı tələbələr Azərbaycan nümayəndəliyinə toplaşmışdılar. Mən orada çıxış etdim. Əli Həsənov da tələbə kimi orada idi. 1990-cı ilin əvvəlində isə Əli Həsənov təhsilini başa vurub, Naxçıvana gəldi. Orada görüşdük. Hətta Əli Həsənov bizim mitinqlərdə çıxış eləmək istəyirdi. Yəni onunla bizim təmaslarımız, münasibətlərimiz hələ Azərbaycanın müstəqilliyi bərpa olunmazdan öncələrə qədər gedib çıxır. Bir-birimizə dost, yoldaş kimi hörmətimiz var idi. Heydər Əliyev hakimiyyətə gələndə Əli Həsənov Heydər Əliyevin adından mənə və Qurban Məmmədova hakimiyyətdə təmsilçilik təklifini gətirmişdi. Biz isə təklifə görə təşəkkürümüzü bildirdik və Əbülfəz Elçibəyi müdafiə etdik. Bundan sonra da Əli Həsənovla Qurban Məmmədov dostluq münasibətlərini davam etdiriblər. Əli Həsənovun Prezident Aparatının İctimai-siyasi şöbəsinə vəzifəyə gəlməsindən sonra təkcə mənimlə yox, üzdə olan bütün siyasi partiya liderləri ilə təması, görüşləri, danışıqları olub. Mənimlə də telefon əlaqələri saxlayıb. Bizim təsisçisi olduğumuz media orqanlarında gedən dövlətçiliklə, mühüm siyasi məsələlərə bağlı öz fikirlərini bildirib, yaxud təkzib edib. Bir də əlaqələrimiz olub itqidar-müxalifət dialoqunun təşkili məsələlərində. Əli Həsənovun vəzifəsinin tələbi bu idi ki, siyasi partiyalarla əlaqə qursun. Əli Həsənovun yaxınları vəfat edəndə yasına getmişəm. Əli Həsənov da mənim qardaşımın oğlu şəhid olanda, qardaşım vəfat edəndə hökumət adından mənə zəng edib başsağlığı verib. Yəni bu cür sıx əlaqələrimiz olub. Bütün bunlar tamamilə normal və təbiidir”.