“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Şəhərsalma və Arxitektura Komitəsinin yeni sədri Anar Quliyevlə görüşü zamanı bildirib ki, paytaxt Baş Plan əsasında inkişaf etməlidir. Onun sözlərinə görə, bir müddət bundan öncə ziyalılarla görüşdə Memarlar İttifaqının sədri Bakının mərkəzi rayonunun formalaşması haqda təklif verib: “Mən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər vermişəm. Sizə də tapşırıram, Bakı Şəhər İcra Hakimiyyəti, Memarlar İttifaqı yığışın birlikdə təklifləri konkretləşdirin. Çünki bunun üstündən artıq uzun müddət keçib, ancaq hələ ki, mənə heç bir təklif verilməyib. Mən prinsip etibarilə bu təklifi dəstəkləyirəm. Çünki belə olan halda mərkəzi rayonda bu rayona uyğun xüsusi mühafizə tədbirləri görülə bilər və memarlıq abidələrimizə diqqət daha da yüksək ola bilər. O ki qaldı, yeni binaların tikintisinə, burada qaydalar daha da sərt olmalıdır. Bir daha demək istəyirəm ki, Komitənin funksiyaları genişlənir. Mən Komitənin son vaxtlardakı fəaliyyətini yüksək qiymətləndirirəm. Sizin bu vəzifəyə təyin olunmağınızda bu amil əsas rol oynayır. Siz bu məsuliyyəti dərk etməlisiniz. Ölkəmizin hər bir yerində bütün inşaat işləri müasir şəhərsalma qaydalarına uyğun aparılmalıdır”.