DİN: “Onların hər bir əməkdaşının təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”; tanınmış ekspert isə deyir ki… ABŞ-ın İraqda həyata keçirdiyi hava hücumu nəticəsində İran generalı Qasım Süleymaninin öldürülməsi bölgədə gərginliyi artırıb. Aydındır ki, İran öz qisas cavabı üçün ABŞ-ın bölgədəki hərbi obyektləri ilə yanaşı, ABŞ-la əlaqəli olan və Tehranın həssas saydığı istənilən hədəfi seçə bilər. Bu fonda ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb.

“Yaxın Şərqdə gərginlik artır, bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb” – səfirliyin saytında bildirilib. Əsasən amerikalılara öz ətrafına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əl çatan yerlərdə saxlamaq tövsiyə edilir. Fövqəladə vəziyyətdə ABŞ səfirliyinin və ABŞ Dövlət Departamentinin telefonlarına zəng etmək tövsiyə olunur. Azərbaycanın Daxili İşlər Nazirliyi isə səfirliyin çağırışından dərhal sonra rəsmi açıqlama yayıb.

“Təhlükəsizlik tədbirləri, polis nəzarəti zamanından asılı olmayaraq, hər vaxt yüksək səviyyədə həyata keçirilir”. Bunu Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov ABŞ-ın Azərbaycandakı səfirliyinin öz vətəndaşlarına təhükəsizliklə bağlı göstərişinə münasibət bildirərkən deyib. O qeyd edib ki, ABŞ-ın, o cümlədən ölkəmizdə fəaliyyət göstərən bütün xarici dövlətlərin səfirlikləri, diplomatik nümayəndəlikləri və onların hər bir əməkdaşının təhlükəsizliyi Azərbaycan qanunvericiliyinə uyğun qaydada, yüksək səviyyədə təmin olunur.