Məlumatda qeyd olunub ki, “Qafqaz Resort Hotel” yanvar ayında başlayacaq irimiqyaslı təmir planı çərçivəsində bağlanır və may ayında otel yenidən öz qapılarını qonaqlar üçün açacaq. Otelin standart, yarılüks, kral otağı, prezident apartamentləri, kral lüks və ailəvi lüks kateqoriyalardan ibarət nömrələri təmirlə əlaqədar müvəqqəti olaraq may ayına kimi qonaqları qəbul etməyəcək. Holdinqdən bildirilib ki, hoteli əsaslı təmir gözləyir – qarşıda olan təmir işləri bütünlüklə “Qafqaz Resort Hotel”ə şamil olunacaq, bunlar həm eksteryerin həm də interyerin yenilənməsi ilə qonaqlarda uzun illər unudulmaz təəssüratlar yaradacaq. Qeyd edək ki, adıçəkilən otel 2008-ci ildən fəaliyyət göstərir.