İran generalı Qasım Süleymaninin öldürülməsi əmrini ABŞ prezidenti Donald Tramp verib. Bu barədə rəsmi açıqlama Pentaqondan gəlib. Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı general-mayor Q.Süleymani İranın İraqda himayə etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndislə görüşü zamanı ABŞ qüvvələrinin hava zərbəsi nəticəsində öldürülüb.

Bizimyol.info-nun verdiyi xəbərə görə, əvvəlcə güman edilirdi ki, ABŞ-ın hədəfi əl-Mühəndis olub və İran generalı təsadüfən həlak olub. Amma ABŞ Müdafiə Nazirliyinin son açıqlaması əslində əsas hədəfin elə Süleymani olduğunu təsdiqləyib. Pentaqonun açıqlamasında bildirilir ki, Süleymani və əl-Mühəndisi hədəfə alan hava hücumunun əmrini şəxsən Donald Tramp özü verib. Hücumun məqsədi ABŞ qüvvələrinə qarşı təhlükənin önlənməsi olub. Vaşinqton bildirir ki, Süleymani və onun idarə etdiyi Qüds qüvvələri ABŞ və koalisiya üzvlərinin yüzlərlə hərbi qulluqçusunun qətlinə və yaralanmasına görə məsuliyyət daşıyır. ABŞ həmçinin son aylar ərzində İraqdakı koalisiya bazalarına hücumların da Süleymani tərəfindən idarə olunduğunu bildirib. Həmçinin bu günlərdə – dekabrın 27-də yer alan hücumlardan birində ABŞ podratçısı və İraq heyətinin ölümünə görə də Süleymaninin məsuliyyət daşıdığı bəyan edilib. Pentaqon bildirib ki, Süleymani və əl-Mühəndisin öldürülməsi koalisiya qüvvələrinə qarşı yeni hücumların qarşısını almaq məqsədi daşıyır. ABŞ hesab edir ki, Süleymani və əl-Mühəndis ABŞ və koalisiya qüvvələrinə qarşı yeni hücum planlarını müzakirə etmək üçün görüşürmüşlər.