İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldüyünü təsdiq edib.

“Report” xəbər verir ki, bu barədə “PRESS TV” məlumat yayıb. Qeyd olunub ki, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb. Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin öldüyünü rəsmi olaraq təsdiq edib. Nazirlik raketlərin ABŞ Prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib.

“General Süleymani ABŞ diplomatlarına, İraq və digər ölkələrdəki hərbçilərə hücum planları üzərində fəal işləyirdi. Süleymani bu həftə Bağdaddakı ABŞ səfirliyinə edilən hücum planını da təsdiq etmişdi”. “Əl-Ərəbiyyə”, “Əl-Cəzirə” və “Sky News” telekanallarının verdiyi məlumata görə, hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani həlak olub. Öz növbəsində ABŞ Bağdadda İranla əlaqəli iki hədəfə zərbə endirildiyini təsdiq edib. Bu barədə “Reuters” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Lakin Pentaqon “TASS” agentliyinin raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin ölməsi ilə bağlı sorğuya hələlik rəsmi cavab verməyib.