Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bölmələrin akademik katib ştatlarının ləğv edilməsi nəzərdə tutulur. Bu məsələ AMEA-nın dekabrın 28-də keçiriləcək ümumi yığıncağında müzakirəyə çıxarılacaq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, islahatların aparılması üçün AMEA-nın nizamnaməsində müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranmışdı. Bununla əlaqədar artıq AMEA-nın nizamnaməsində uyğun dəyişikliklər edilib.

Vitse-prezident qeyd edib ki, AMEA-nın yeniləşmiş nizamnaməsi dekabrın 28-də keçiriləcək Ümumi yığıncağında müzakirəyə çıxarılacaq. Yeni nizamnaməyə əsasən, ləğv edilən akademik katiblərin kuratorluq etdiyi sahələrə AMEA-nın həmin sahələrə cavabdeh olan vitse-prezidentlərin rəhbərlik etməsi nəzərdə tutulur. İndiyədək bölmələrə kuratoqluq edən vitse-prezident indi həmin bölmənin sədri funksiyasını yerinə yetirəcək və həmin sədrin də köməkçisi olacaq: “Bunlar paralel qurumlardır. Başqa ölkələrdə də buna uyğun islahatlar aparılır. AMEA-da bu paralel qurumları aradan qaldırmağı nəzərdə tutur. Bütün bunlar AMEA-da optimallaşdırmanın və ixtisarların aparılması ilə bağlı bir çox məsələləri həll etməyə kömək edəcək. Həmin ştatlar ləğv edildikdə onlara bağlı köməkçi qurumların da ixtisarı aparıla bilər. Hazırda bu istiqamətdə iş aparılır”. /trendaz/