Özbəkistan parlamentinin – Ali Məclisin aşağı palatasına dekabrın 22-də keçirilmiş seçkinin ilkin nəticələri bəlli olub. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının hesabatına görə, 150 yerlik Qanunverici Palataya 128 nəfər seçilib, 22 dairədə qalibi ikinci tur müəyyən edəcək.

Seçki marafonuna qoşulmuş Liberal Demokrat Partiyasının 43, Milli Dirçəliş Demokrat Partiyasının 35, Ədalət Sosial Demokrat Partiyasının 21, Xalq Demokrat Partiyasının 18, Ekoloji Partiyanın 11 mandat əldə etdiyi bəyan olunub. Liberal Demokrat Partiyası prezident Şövkət Mirziyayevə dəstək verir. 1989-cu ildən Özbəkistana İslam Kərimov rəhbərlik edib. O, SSRİ vaxtı, 1989-cu ilin iyun ayının 23-də Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən Özbəkistanın başında dayanıb. 1990-cı il martın 24-də parlamentin qərarı ilə prezident vəzifəsinə gətirilən İslam Kərimov 1991-ci ildə Özbəkistan müstəqillik əldə etdikdən sonra beş dəfə dövlət başçısı seçilib, 2016-cı il sentyabrın 2-də dünyasını dəyişib. 2016-cı il dekabrın 4-də keçirilmiş növbədənkənar prezident seçkisində Liberal Demokrat Partiyasının namizədi olan Şövkət Mirziyayev dövlət başçısı seçilib, dekabrın 14-də and içərək səlahiyyətlərinin icrasına başlayıb. 1957-ci il təvəllüdlü Şövkət Mirziyayev 1990-cı ildə Özbəkistan Ali Sovetinin, 1994 və 1999-cu illərdə Ali Məclisin deputatı seçilib. Daşkəndin Mirzə-Uluqbəy rayonunun, Cizak vilayətinin, Səmərqənd vilayətinin icra hakimi olub. 2003-cı il dekabrın 12-dən baş nazir postunu tutub.