ABŞ prezidenti Donald Tramp Senatın qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməyə veto hüququndan istifadə edib. Bu barədə dünən ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus məlumat yayıb. Onun sözlərinə görə, Prezident Administrasiyasından bildirilib ki, Senatda qəbul edilən qərar hüquqi xarakter daşımadığından qəbul edilməyib.

Qeyd edək ki, bu məlumatı yaymazdan bir gün öncə Morqan Ortaqus açıqlamasında bildirmişdi ki, ABŞ Administrasiyasının “erməni soyqırımı”nın tanınmasına dair mövqeyi dəyişməyib: “ABŞ Konqresinin hər iki palatasının qətnamə qəbul etməsinə baxmayaraq, ABŞ Administrasiyasının erməni soyqırımının tanınmasına dair mövqeyi dəyişməyib. Bizim baxışlarımız ABŞ prezidentinin bu ilin aprelində 2015-ci il hadisələri ilə bağlı səsləndirdiyi yekun bəyanatda əksini tapıb”. ABŞ prezidenti Donald Tramp bu ilin aprelində 1915-ci il hadisələrinin ildönümü münasibətilə ənənəvi çıxışı zamanı “erməni soyqırımı” ifadəsini işlətməyib, həmin hadisələri “böyük fəlakət” adlandırıb.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının ardınca Senat bu il dekabrın 12-də qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edib.