Dünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı 4 il müddətinə Olimpiya Oyunları və dünya çempionatları da daxil olmaqla, bütün böyük turnirlərdən kənarlaşdırıb.

Bu gün İsveçrənin Lozanna şəhərində WADA-nın İcraiyyə Komitəsinin RUSADA-nın statusu ilə bağlı iclası keçirilib.​ Daha əvvəl qurumun Uyğunluq Komitəsi Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə uzaqlaşdırılması və ölkənin böyük idman turnirlərinə ev sahibliyi etmək hüququnun əlindən alınmasını təklif etmişdi. Sözügedən təkliflər yekdilliklə qəbul olunub.​

Qeyd edək ki, Moskva antidopinq laboratoriyasının 2012-2015-ci illər aralığında aparılmış tədqiqatların nəticələrini özündə ehtiva edən bazasında araşdırma aparılıb. Müstəqil ekspertlər qrupu Rusiya idmançılarına məxsus müsbət dopinq testlərinin nəticələrinin gizlədilməsi məqsədilə məlumatlarda dəyişiklik edildiyini müəyyənləşdirib.