Dekabrın 4-də Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Prezidentinin sorğusuna baxılıb.

Konstitusiya Məhkəməsi Plenumu iclas iştirakçılarının çıxışlarını dinlədikdən sonra müşavirəyə gedib. Müşavirədən qayıdan KM Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olması barədə qərarını elan edib.

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin deputatlarının mütləq əksəriyyətinin parlamentin öz səlahiyyətini artıq həyata keçirə bilməməsi barədə qəti mövqeyinin formalaşmasını nəzərə alaraq hesab edib ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin buraxılması üçün Konstitusiyanın 98.1-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş əsası yaradır. Belə olan halda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin buraxılması Konstitusiyanın 98.1-ci maddəsinə uyğundur.