“Artıq hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bizə bəllidir”. Bu barədə 29 noyabrda jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O, qeyd edib ki, YAP deputatların 5 illik fəaliyyəti ilə bağlı statistik təhlilini aparır. Onların parlamentdəki çıxışları, seçiciləri ilə görüşləri, mətbuatla işləməsi, beynəlxalq təşkilatlarda işi, sosial şəbəkələrdə fəaliyyəti və s. təhlil edilir. Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. Təhlil əsasında onların fəaliyyəti növbəti seçkilərdə nəzərə alınacaq. Artıq hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bizə bəllidir.

S.Novruzov eyni zamanda mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin olmayacağı ilə bağlı yayılan siyahılara da münasibət bildirib. O qeyd edib ki, siyahılar havadan götürülüb: “Hər seçki öncəsi belə siyahılar dərc olunur. Parlamentin 7-8 üzvü müxtəlif səbəblərdən burada təmsil olunmur. Tərkibin dəyişməsi də məhz seçicilərdən asılıdır. Seçkidə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Bunlar mütəmadi şəkildə partiyada təhlil olunur. Seçkinin ilk işi təhlildir. Təhlil olmadan seçkidə uğur qazanmaq olmaz. Tərkibdə ciddi dəyişiklik olacaq, amma bu yenə də seçicidən asılıdır”.