Noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb və 3 namizədlə bağlı layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəməsindən üç xanımın namizədliyi irəli sürülüb. Ombudsmanlığa namizəd 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşaviridir. Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini işləyir. S.Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Digər namizəd Abıyeva Kəmalə Nəbi qızı 1979-cu il təvəllüdlüdür. O, Apelyasiya Məhkəməsinin sədr müavinidir. 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Abıyeva daha sonra BDU-da magistratura səviyyəsində təhsil alıb. 2000-2006-cı illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi,2006 – 2008-ci illərdə isə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi vəzifələrində çalışıb. O daha sonra Ali Məhkəmədə hakim köməkçisi, 32 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub. 2013-cü ildə hakim kimi Bakı Apelyasiya Məhkəməsinə gələn Kəmalə Abıyeva 2018-ci ildə sədr müavini təyin olunub. Üçüncü xanım namizəd Kəmalə Əliyeva isə Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. 1980-ci il təvəllüdlü Kəmalə Əliyeva da BDU-nun Hüquq fakültəsinin məzunudur. O, 2015-ci ildən hazırkı vəzifəsindədir.

Azərbaycanın yeni insan hüquqları üzrə müvəkkilinin Səbinə Əliyeva olacağı ehtimalı daha yüksəkdir.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini Səbinə Əliyeva Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.