İran hökuməti sözçüsünün bildirdiyinə görə, benzin qiymətinin artmasından qəzəblənən etirazçılar iğtişaşlar zamanı polis və təhlükəsizlik işçilərini girov götürüb.

Əli Rəbeyi bazar ertəsi jurnalistlərə verdiyi açıqlamasında ölkədə baş verənlərin nə dərəcədə ciddi olduğu barədə danışmasa da, cümə günündən bəri İranda baş qaldıran etirazlar artıq narahatlıq səviyyəsindədir.

Rəbeyi hökumətin tez bir zamanda ölkə daxilində bağlanan internet açacağını və nümayişlərdə iştirakın əvvəlki günlə müqayisədə 80% azaldığını deyib.

İğtişaşları yatırtmaq üçün bir çox şəhər və qəsəbədə təhlükəsizlik qüvvələrinin sayı artırılıb.

Kütləvi etirazlar noyabrın 15-də hökumətin benzinin qiymətini 50 faiz artırmasından sonra bir neçə şəhərdə başlayıb və tədricən ölkənin başqa şəhərlərinə yayılıb. İran hökuməti bu addımla ABŞ-ın sanksiyaları ilə qarşılaşan ölkədəki iqtisadi probleblərin həll edilməsinin mümkün ola biləcəyini bildirir.

İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi hökumətin yanacaq qiymətlərini artırması qərarını dəstəkləyib və etirazçıları əks-inqilabçılar və İranın xarici düşmənləri tərəfindən zorakılıq törətməyə təhrik edilən “quldurlar” adlandırıb.

İranın kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, ölkənin azı 40 şəhərində yanacaq qiymətlərinin artırılmasının ardınca kütləvi etiraz nümayişləri keçirilir.
“Amerikanın səsi”