Azərbaycan xalqı verdiyi mücadiləyə görə Qərbin nüfuzlu nəşrlərindən olan “Şpigel” tərəfindən “İlin xalqı” elan edildi.
​1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci ilin ilk​ ​ günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular.

Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar.

Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov​ və onun ətrafı ​ heç bir reaksiya ​ vermədilər. ​ Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ​ ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq ​ Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb ​ Ermənistana ​ birləşdirməsi haqqında məsələ ​ qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi.​ İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.

Ancaq, xalq ​ gördü ​ və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtkı ​ rəhbərliyi ​ heç ​ bir qəti tədbir görmək istəmirlər. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya ​ gəlir, ​ Azadlıq ​ meydanına ​ (o ​ vaxt ​ V.İ.Lenin adını​ ​ daşıyırdı)​ ​ toplaşır, ermənilərin və Sovet ​ hökumətinin​ ​ beləmünasibətinə qarşı mitinqlər ​ keçirir, öz etirazlarını bildirirdilər.

1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli ​ azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət​​ ​qazanmasında əsas amil sayılır.​