“Çox təəssüf ki, teleseriallarda ölkədə həyat tərzi eybəcər formada göstərilir. Sanki Azərbaycan ailəsi ancaq belə olmalıdır”. Bu sözləri APA-ya Milli Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərəmli bildirib. Qurum sədri yenidən serialçıları tənqid edib:

“Serial çəkənlər bu barədə yaxşı-yaxşı düşünməlidirlər. Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar cəmiyyətə normal mesajlar çatdırmalıdır. Çox təəssüflə bildirirəm ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur. Gənc nəsil həmin seriallara baxanda düşünür ki, Azərbaycan kişisi və qadını elə bu cürdür. Gülüş naminə belə şeylər etmək olmaz!”.

Xatırladaq ki, qurum sədri bir neçə gün əvvəl də hazırda yayımlanan serialları sərt tənqid etmişdi. O, seriallarda Azərbaycan ailəsinin təhrif olunduğunu vurğulamışdı:

“Çox təəssüf ki, reytinq xətrinə fəaliyyət çox ciddi nöqsanlara gətirib çıxarır. Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir. Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunmuş formada təqdim olunur. Bütün bunlar təbii ki, bizi narahat edir”.

Xatırladaq ki, bu sahə 2011-ci ildən aktivləşməyə başlayıb. Həmin ildə dövlət tərəfindən yerli serialların çəkilməsinə 5 milyon vəsait ayrılmışdı.2013-cü ildə isə bu vəsait 6 milyon oldu.

Büdcədən ikinci dəfə ayrılan 6 milyon vəsait isə 23 serial üçün ayrılmışdı. Bunlar “Çaqqal nəfəsi”, “Toy gecəsi”, “Həyat çiçəyi”, “Aydın serialı”, “Qız yükü”, “Qisas”, “Durnalar qayıdanda, Tufanlı səma”, “Tək olanda qorxma”, “Oğurlanmış arzular”, “Üç bacı”, “Həyat sən nə qəribəsən”, “Sənə inanıram”, “Səndən sonra”, “Cehizsiz gəlin”, “Əli və Nino”, “Hippokrat andı”, “Əhməd haradadır”, “Kolxoz85″, ”Sənsiz”, “Fatma”, “Abşeron” seriallardır. Lakin bu serialların bəzilərini tamaşaçılar efirdə görmədi. Məsələn, ATV-də yayımlanacağı deyilən “Aydın” serialına 200 min manat vəsait ayrılmışdı. Serialın anonsu barədə məlumat verilsə də, bu günə qədər ortada heç nə yoxdur. Və yaxud 2013-cü ildə 200 min manat vəsait ayrılan, “XƏZƏR TV”-də yayımlanması nəzərdə tutulan “Əli və Nino” serialı yalnız 2017-18-ci ildə yayımlandı.

Beləliklə, 11 milyon manat ayrılan seriallar arasında yalnız 2-3 serial yadda qalan, nisbətən keyfiyyətli şəkildə təqdim olundu.

Artıq 6 ildir ki, bu sahəyə vəsait ayrılmır. Yalnız televiziyalar öz gücü hesabına seriallar təqdim edir. Artıq dövlət tərəfindən vəsait ayrılmadığından seriallara nəzarət yalnız televiziya rəhbərlərinin ümidinə qalıb. Doğrudur, mütəxəssislər də qeyd edir ki, 2011-13-cü illərlə müqayisədə indi çəkilən seriallar daha baxımlı və nisbətən keyfiyyətlidir. Lakin bu sahədə olan mövcud problemlər hələ də qalmaqdadır.