İdarə heyətinə üzvləri elə idarə heyəti seçirmiş…

Noyabrın 5-də REAL Partiyasının Məclis başqanlığı və partiyadan istefa verən Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı paylaşdığı statusda səmimi etirafları ilə partiyanın əslində… partiya olmadığını bildirib.

“REAL-a ilk dəfə 2013-cü ilin prezident seçkiləri ərəfəsində gəlmişəm. Seçkilərə hazırlıqla bağlı Real-ın sıravi üzvlərini yığıb İlqar Məmmədovun seçki qərargahının işinə cəlb etməli idim. Mənə 200 nəfərlik siyahı verildi. Bu siyahıdakı insanlarla bir-bir əlaqə saxlayıb seçki qərargahına dəvət etdim. Lakin o siyahının bir qismi jurnalist, bir hissəsi isə digər partiyanın üzvləri və ya Reala aidiyyatı olmayan insanlar idi. Realdakı sorğu-sualdan sonra məlum oldu ki, bu siyahı Realın 2011-ci ildə “Cumhuriyyət Forumu”na gələn qonaqların siyahısı imiş. Real-ın isə üzvlərinin siyahısı yox idi. Həmin o 200 nəfərdən təqribən 30-a yaxın insan həqiqətən Real Hərəkatının üzvü çıxdı.

​O zamanlar Real Hərəkatının cəmiyyətdəki reputasiyası “intelektualların klubu” çərçivəsindən kənara çıxa bilmirdi. Çünki ağıllı və savadlı adamlar bir İdarə Heyətinə toplaşmışdılar və onların cəmiyyətdəki rolu yalnız bəyanatlar vermək, hadisələrə münasibət bildirmək formatından kənara çıxa bilmirdi. Ən önəmli məqam həmin İdarə Heyəti heç bir siyasi məsuliyyət daşımırdı və heç kimin qarşısında da hesabatlılığı yox idi. İdarə Heyətinə yeni üzvləri elə İdarə Heyəti özü seçirdi”.