Dəniz quldurları Qvineya körfəzində Norveçin “J.J. Ugland” kompaniyasına məxsus “MV Bonita” gəmisinin doqquz filippinli dənizçisini qaçırıb.

AZƏRTAC BBC radiostansiyasına istinadla xəbər verir ki, insident Beninin Kotonu limanında baş verib. Gəmi limandan doqquz dəniz mili məsafəsində dayanarkən hücuma məruz qalıb. Qaçırılan dənizçilərin arasında gəminin kapitanı da var. Onların naməlum istiqamətdə aparıldığı bildirilir. Hadisə ilə bağlı təhqiqata başlanılıb.

Liberiyadan Kameruna qədər uzanan Qvineya körfəzi son illər dəniz quldurluğu səbəbindən dünya dənizçiliyi üçün ən təhlükəli yerlərdən birinə çevrilib.