Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Taliya Xabriyeva başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Taliya Xabriyeva akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona​ REA-nın prezidenti, akademik Aleksandr Sergeyevin təbrik məktubunu təqdim edib. Rusiyalı alim iki ölkə arasında elmi əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və Akademiya rəhbərliyinə yüksək təcrübəyə malik dövlət xadimi və görkəmli alimin gəlməyinin bu inkişafa xüsusi stimul verəcəyinə əminliyini bildirib.

Akademik Taliya Xabriyeva Rusiya Elmlər Akademiyasının rəhbərliyi adından akademik Ramiz Mehdiyevi Moskvaya dəvət edib. Təklif minnətdarlıq hissi ilə qəbul olunub.Görüşdə AMEA-nın vitse-prezidentləri, akademiklər – İsa Həbibbəyli və İbrahim Quliyev, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr idarəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.