İsveçrə Konfederasiyasında fəaliyyət göstərən Kuhner Fondu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək, bu Fondun rəhbəri Laura Kuhnerin (İsveçrə), eləcə də üzvləri Tim Bürginin (Almaniya) və Qifti Dvamenanın (İsveçrə) adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, məktubda Kuhner Fondu Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə və suverenliyinə, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir. Həmçinin müraciətdə Fondun üzvlərinin etdikləri səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqları qeyd edilir.

Kuhner Fondunun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun üzvlərinin adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul olunub.