“Qarabağ”ın oyununda erməni təxribatı

“Yeni Sabah” xəbər verir ki, “Düdelanj” – “Qarabağ” matçında 30-cu dəqiqədə komandamız rəqibin qapısından ikinci topu keçirib. Bu qoldan sonra separatçı rejim qondarma Dağlıq Qarabağ bayrağı dronla meydanın mərkəzinə gətirilib. Futbolçularımız buna etiraz edərək matçı davam etdirməyəcəklərini bildirib. Hakim oyunu dayandırıb. Matçda bu siyasi təxribata görə 25 dəqiqəyə yaxın fasilə verilib.
Daha sonra Lüksemburqun İdman nazirinin “Qarabağ”ın paltardəyişmə otağına gələrək futbolçulardan üzr istəməsi və bir daha bu siyasi təxribatın təkrarlanmayacağına təminat verməsi matçın davam etdirilməsinə gətirib çıxardıb.
Nazir bildirib ki, Lüksemburq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onların bu işdə heç bir günahı yoxdur. O qeyd edib ki, səbəbkarlar qısa müddətdə tapılıb cəzalandırılacaq.
Xatırladaq ki, Avroliqa kuboku ikinci tur qarşılaşması “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Həmçinin stadionda da təxribata görə azarkeşlərimizdən və komandamızdan üzr istənilib.